Akademik Bəkir Nəbiyev «İbrətamiz tamaşa» adlı məqaləsində yazır: «Bir sənətkar kimi İ.Əfəndiyevin ən bariz səciyyəvi xüsusiyyətlərindən biri onun əsərlərində ədəbiyyatımıza həmişə təzə mövzular, aktual problemlər gətirməsi idi. Onun... axırıncı pyesi də bu cəhətdən istisna olmadı. «Hökmdar və qızı» ilə Azərbaycan dram teatrının səhnəsinə ilk dəfə olaraq Qarabağ mövzusu gəldi. Tamaşada son səkkiz ildə bütün xalqımızın göynəyən yarasına çevrilmiş Qarabağ probleminin tarixi kökləri çox gərgin dramatik kolliziyalar zəminində açıqlanır».72
İ.Əfəndiyev Qarabağı, Şuşanı çox sevirdi. Qarabağ faciəsi onun üçün də böyük dərd idi. Səhnəmizə ilk dəfə Qarabağ mövzusunu gətirməsi də bu bölgəyə olan məhəbbəti ilə bağlı idi. Yazıçı, zəbt edilmiş torpaqların azad olunacağına inanır və o günü səbirsizliklə gözləyirdi.
«Hökmdar və qızı» pyesindəki hadisələr tarixilik baxımından keçən əsrə aid olsa da, onların məzmunu, əsərin ideyası bugünümüzlə qırılmaz tellərlə bağlıdır.
Əsər Ağa Məhəmməd Şah Qacarın Şuşaya hücumu ilə əlaqədar Balakənə qaçmış İbrahim xanın öz doğma şəhərinə qayıtması münasibətilə təşkil etdiyi şadyanalığın təsviri ilə başlayır.
«İbrahim xan - Camaat, mən sizin sədaqətinizə həmişə əmin olmuşam. Qəhrəman Qarabağ camaatı heç bir zaman satqın olmamışdır. Azəri türkləri heç bir zaman namərd olmamışdır. Onu da sizin nəzərinizə çatdırmaq istəyirəm ki, mənim və ailəmin Balakənddən bura sağ-salamat gəlib çıxmağımıza ancaq Qarabağ atlılarının və onun cavan sərkərdəsi Saday Şirxan oğlunun igidliyi sayəsində mümkün olmuşdur. Saday Şirxan oğlu üç dəfə şəxsən özü-özünü ölüm təhlükəsinə mə‘ruz qoyaraq bizi xilas etmişdir».73
İ.Əfəndiyev xanın obrazını yaradarkən onun bütün fəaliyyətini bir məsələ tərafında səfərbər edir - Azərbaycanda heç kimdən asılı olmayan dövlət yaratmaq və onun bütövlüyünü göz bəbəyi kimi qorumaq! Hökmdar Dərbəndi zəbt etmiş rus generalı Zubova hədiyyə göndərəndə də, İran şahının onunla qohum olmaq təklifini qəbul edib sevimli qızı Ağabəyim ağanı Fətəli şaha ərə verəndə də yalnız bu haqda düşünürdü. Bunu biz İbrahim xanın qızı Ağabəyim ağa ilə söhbətində də görürük: «Azəri igidləri bilirsən ki, həmişə mənim də iftixarım olublar. Mən də həmişə Qarabağla, Təbriz, Naxçıvan, Şəki, Şirvan igidlərilə fəxr etmişəm. Lakin bizim faciəmiz ondır ki, bu igidlər bütün bir xalq halında birləşməyiblər. Ayrı-ayrı xanlıqlara bölünüblər. Sən onu da bilirsən ki, mənim həmişə ən yüksək amalım bu xanlıqları birləşdirib Azəri türklərinin yenilməz, qüdrətli dövlətini yaratmaq olmuşdur. Mən böyük Şah İsmayılın əkdiyi toxumları göyərtmək istəyirəm…74
Əsərdə yazıçı İbrahim xanla bərabər, onun arvadı Tubu xanım, övladları Ağabəyim ağa, Səltənət bəyim və Əbülfət ağa, çar generalı Sisyanov, Mirmösün ağa, Cavad xan, Vanya, Haykanuş və s. obrazlar yaratmışdır. Bunların arasında daha çox diqqəti cəlb edən zərif duyğularla şe‘rlər yazan, diplomatik ağlı və fərasəti ilə fərqlənən Ağabəyim ağa bütün əsər boyu cərəyan edən hadisələrdə fəal iştirak etməklə oxucuların diqqətindən yayınmır. O, sadə tərəkəmə oğlu, igid Saday Şirxan oğlunu sevir, «- Sən mənim nişanlım olacaqsan - Xan atasının əziz xələfi olan Ağabəyim ağanın iradəsi belədir». Lakin bu iki gəncin sevdası baş tutmur, Ağabəyim ağa sevgilisindən zorla ayrılır, şaha ərə verilir, məhəbbətini vətəninin taleyinə qurban etməli olur. Ağıllı bir övlad olan Ağabəyim ağa atasının: «Mən Fətəli şahla ona görə qohum olmaq istəyirəm ki, Azəri xanlıqlarını birləşdirib vahid bir dövlət yaratmaqda o mənə kömək eləsin. Əgər sən onun zövcəsi olarsansa o, bu köməyi mənə və 'd edir»-fikrilə razılaşmağa məcbur olur.
Vətənin naminə öz məhəbbətindən əl çəkən Ağabəyim ağa həm də diplomatiya ilə məşğul olan ağıllı bir qadındır. Yazıçı göstərir ki, o, İngiltərə kraliçası ilə, hətta Napoleonun arvadı ilə də məktublaşır.
Mənfi planda işlənilmiş surətlər arasında çar generalı Sisyanov və erməni koxası Vanya daha qabarıq şəkildə gözə çarpır. Rus imperiyasının siyasətini Qafqazda böyük həvəslə həyata keçirən Sisyanov baş kəsməkdən, qan axıtmaqdan ləzzət alan, hiyləgər və ikiüzlü bir tipdir. Satqınlıq və ikiüzlülük etdiyi, həm də Cavad xan və İbrahim xanın sarayındakı sirləri, məxfi xəbərləri vaxtı-vaxtında ruslara çatdırdığı üçün Vanyanı o, «Məlik» titulu ilə təltif edir: «Sisyanov - Məlik Vanya, sən Qafqazda yaşayan ermənilərin liderlərindənsən. Xalqını başa sal. Qoy onlar İrəvan xanlığında - Karsda, Ərzurumda birləşib Ermənistan dövləti yaratmağa təşəbbüs etsinlər. O zaman ə'lahəzrət rus imperatoru da sizə kömək edər».
Yazıçı Sisyanovun kim olduğunu oxuculara daha aşkar çatdırmaq üçün onun həyatından iki faktı açıqlayır: Gəncə hakimi Cavad xan qalanın açarlarını öz xoşu ilə ona təqdim etmədiyi və son damla qanı qalana qədər ruslara qarşı mübarizə apardığı üçün bütün ailəsini amansızcasına tələf etmişdir; Qarabağ hakimi İbrahim xana müqaviləyə qol çəkdirdikdən sonra, Sisyanov namərdlik edərək sözündən qaçmış və bir gecədə xanla birlikdə 18 ailə üzvünü qılıncdan keçirtmişdir.
Faciədə gözə çarpan ən parlaq bədii obrazlardan biri də, müəllifin böyük ustalıqla yaratdığı Vanyadır. Ümumiyyətlə, dramaturqun mənfi obrazları arasında, bəlkə də, birinci yeri tutan Vanya ikiüzlü, yaltaq, satqın, hiyləgər, əxlaqsız, hətta, yeri düşdükdə arvadı Haykanuşun qadınlığından belə istifadə edən, bununla öyünən iyrənc bir ermənidir. Erməni satqınlığının bariz nümayəndəsi olan Vanya İbrahim xanın qılığına girir, özünü onun ən yaxın adamı kimi aparır, lakin imkan düşən kimi sarayın bütün sirlərini rus generalına açır, Gəncə qalasına gedən gizli yolları göstərməklə düşmənə bələdçilik edir. Bütün bunların əvəzində isə «Məlik» rütbəsi, var-dövlət qazanır. Vanya İbrahim xanla Cavad xanın, Fətəli Şahla İbrahim xanın, Sisyanovla Qarabağ hökmdarının aralarını vurmaqdan ötrü dəridən-qabıqdan çıxır və bütün bunları ermənilərin xeyrinə həyata keçirdiyinə sevinir.
Faciənin sonunda müəllif oxuculara iki alovlu və son dərəcə tə'sirli monoloq təqdim edir: İbrahim xan - «Ah, mən aldanmışam. Mən xalqıma xəyanət etmişəm… İndi mənim ruhum gələcək nəsillər qarşısında nə cavab verəcək? Aman allah…sən məni bağışla…Atam Pənah xan ölərkən məni yanına çağırıb dedi: Oğul, Vətən, Torpaq darda olanda qılınc qında qalmaz… hələ mən sağam, hələ ölməmişəm, indi mən bütün Azərbaycan xalqını ayağa qaldıracağam, ölüm-dirim mübarizəsinə…» Ağabəyim ağanın monoloqu isə bir növ atasının sözlərinin davamı kimi səslənir: «… bu yalnız bizim faciəmiz deyil- İbrahim xanın rus padşahının sözlərinə inanıb ona tabe olması bizim gələcək nəsillərimizin də faciəsidir. İbrahim xanın bu səhvi onları da tarixin müşkül tilsiminə saldı. Mənim əziz həmvətənlərim, Azəri türkləri heç bir zaman yadelli padşahın zülmünə tabe olmayacaq. Həmişə vətənin azadlığı uğrunda vuruşacaq».
Əsərdən nümunə gətirdiyimiz təkcə bu monoloqlar deyil, ümumiyyətlə-pyes bugünlükdə çox aktual və müasir səslənir. Qarabağ torpağının yaralarından söhbət açan «Hökmdar və qızı», «Azərbaycan dövlətçiliyini, onun birliyini, vəhdətini göz bəbəyi kimi qorumaq haqqında qocaman ədibin öz xalqına, gələcək nəsillərə son sözü, vəsiyyəti kimi xüsusi bədii ümumiləşdirmə qüvvəsilə səslənir»,75 ona görə də çox qiymətli və əhəmiyyətlidir.
* * *
60 ildən artıq uzun bir yaradıcılıq yolu keçmiş xalq yazıçısı İlyas Əfəndiyev dramaturji fəaliyyətə nəsr yaradıcılığından xeyli gec -1943-cü ildən başlamışdır. Lakin yazıçı bu janra ömrünün sonlarında üstünlük vermişdir. Yazıçı qeyd edir ki, dramaturgiya mənim ruhi müvazinətimə uyğun gəlir, bir şeydən kədərlənəndə, mə'yus olanda bu janra müraciət edirəm.
Dramaturqun qələmə aldığı 20 pyesin 19-u Akademik Milli Teatrda müvəffəqiyyətlə oynanılmışdır. «Polkovnik Allahyarov» adlı son pyesi isə hələlik nə çap olunmuş, nə də tamaşaya qoyulmuşdur.
Bu, inkaredilməz bir həqiqətdir ki, 20 pyes yazmış İ.Əfəndiyev kimi bir sənətkarla dünyanın ən mədəni xalqı fəxr edə və onu özləri üçün şərəf saya bilər. Düzdür Azərbaycan dramaturqu yazdığı dram əsərlərinin sayına görə Şekspirə çata bilməsə də /o 37 pyes yazmışdır/, dünyanın bir sıra tanınmış dramaturqları səviyyəsinə yüksəlmişdir. Bu faktı da e'tiraf etmək lazımdır ki, Şekspir də İ.Əfəndiyev kimi çoxlu hekayə, povest və roman yazmamışdır.
Yenilik və müasirlik duyumu çox qüvvətli olan İ.Əfəndiyevin yaradıcılığı Azərbaycan dramaturgiyasını yeni bir mərhələyə qaldırmışdır. «Öz mövzusu» və «öz qəhrəmanları» olan sənətkar gənclərin həyatı və onların daxili-mə'nəvi aləmi ilə daha çox maraqlanmışdır. Heç təsadüfi deyil ki, dramaturq «Gənclər mənim əsərlərimin qəhrəmanlarıdır» - deyirdi.
İ.Əfəndiyev dramaturgiyasının əsas səciyyəvi cəhətlərindən biri də ondan ibarətdir ki, müəllif mövzu seçərkən həmişə günün tələblərinə cavab verən, aktuallığı ilə fərqlənən, ideya-bədii keyfiyyəti ilə oxucunu narahat edən, onu düşündürən problemləri tədqiqata cəlb edir, gənclərin mə'nəvi-psixoloji dünyasını ön plana çəkməyə çalışırdı. Nəsr əsərlərində olduğu kimi, dramlarında da yazıçının idealının, məqsəd və niyyətinin əsas daşıyıcıları gənclərdir.
Yazıçının pyeslərini nəzərdən keçirdikdə belə bir nəticəyə gəlmək olar ki, böyük iste'dad sahibi olan İ.Əfəndiyev həm də cəsarətli sənətkar idi. O, «cəmiyyətin nüfuzuna xələl gətirən» neqativ halları, rüşvət alanları, əliəyriləri, cinayət törədən, qanunları pozan məs'ul partiya və dövlət başçılarını, heç nədən çəkinmədən və qorxmadan tənqid və ifşa edirdi.
İ.Əfəndiyev dramaturgiyasının bütün janrlarında qələmini sınamış, çoxlu lirik-psixoloji pyeslərlə yanaşı «Qəribə oğlan», «Dəlilər və ağıllılar» adlı komediyalar, «Şeyx Xiyabani», «Hökmdar və qızı» kimi faciələr də yaratmışdır.
Yaradıcılıq yolunun müxtəlif mərhələlərində yazılmasından asılı olaraq pyeslərin sənətkarlıq səviyyəsi də təbii olaraq, müxtəlifdir. Digər tərəfdən, yazıçının bə'zi pyeslərinin mövzu yaxınlığı, epizodların oxşarlığı və surətlərin səsləşməsi nəzərə çarpa bilər. Lakin bütövlükdə onun heç bir əsəri digərini təkrar edə bilməz. Yazıçı əsərlərini qələmə alarkən söz sənətinin bütün imkanlarından və iste'dadının qüdrətindən tam istifadə etmiş, ciddi axtarışlar aparmış, zamanın nəbzini tutan, dövrün tələblərinə cavab verən orijinal əsərlər yazmışdır. O, zahiri dəbdəbədən, sün'i pafos və təmtəraqlı ifadələrdən qaçmış, təsvir etdiyi hadisələri dəqiq və obyektiv şəkildə verməyə sə'y göstərmişdir. Məhz buna görə də obrazların hər biri özünəməxsus şəxsi keyfiyyətləri ilə, dünyagörüşü və həyata baxışı ilə, intellektual səviyyəsi və danışıq tərzi ilə bir-birindən tamamilə fərqlənir. Böyük məhəbbət və hərarətlə qələmə alınmış Alxas və Qambay, Uğur və Alxan, İldırım və Dilşad, Nargilə və Həsənzadə, Nərmin və Kamran, Fəridə və Anjel, Şahnaz və Nicat, Xumar və Ayaz, İbrahim xan və Ağabəyim ağa…və s.obrazlar tamaşaçı və oxucuların qəlbində əbədi yer tapmışdır.
Bunu da qeyd etmək lazımdır ki, 30-cu illərdə C.Cabbarlı qəhrəmanlarının adlarını yeni doğulmuş körpələrə verilməsi sevindirici və əlamətdar faktdır. 70-80-cı illərdə İ.Əfəndiyev yaradıcılığı körpələrə adlar verilməsi üçün gözəl mənbəyə çevrilmşdir. İndi Azərbaycan ailələrində yüzlərlə Nuriyyə, Nargilə, Nərmin, Kamran, Nicat, Aynur, Xumar adlı körpələr və gənclər boy atıb böyüməkdədir.
Son illərdə respublikamızın ictimai-siyasi həyatından elə bir mühüm hadisə olmamışdır ki, o, İ.Əfəndiyevin yaradıcılığında bu və ya başqa formada öz əksini tapmamış olsun. İndi «İlyas Əfəndiyev teatrı»nın məhsulu olan pyeslərə laqeyd qalan oxucu-tamaşaçı tapmaq qeyri-mümkündür. Çünki bu əsərlərdə qaldırılan məsələlər hamını- gəncləri də, yaşlı oxucuları da eyni dərəcədə maraqlandırır, onları düşünməyə vadar edir, insanlarda xoş əhval-ruhiyyə yaradır, onları daxilən saflaşdırır. Çünki yazıçının dediyi kimi, o, «nə yazmışsa səmimi və ürəkdən yazmışdır». Məhz buna görə də bu pyeslər on illərdir ki, teatr repertuarlarından çıxmır.
Ədibin dramaturji yaradıcılığından danışarkən bir məsələni də yada salmaq yerinə düşür. Bu da dram əsərlərinin oxuculara çatdırılması, onların nəşri məsələsidir. Dram əsərlərinin tamaşa üçün yazıldığı, onların rejissor, aktyor, bəstəkar, rəssam və digər sənət adamlarının köməyi və qüvvəsi ilə tamaşaçılara çatdırılması hamıya bəllidir. Lakin bu da bir həqiqətdir ki, bəzi pyeslər tamaşaya qoyulduqdan sonra uzun illər nəşr edilmir. Bu faktı da yada salmaq lazımdır ki, bizim rayonlarımızın əksəriyyətində professional teatrlar olmadığından yeni pyeslər rayon ziyalılarımıza və teatr həvəskarlarımıza vaxtında çatdırılmır. Digər tərəfdən, teatr tamaşasında yazıçı ilə tamaşaçı bilavasitə üz-üzə dayanmır. Yazıçının yaratdığı əsər “xam material” kimi, rejissor, aktyor, bəstəkar və başqa səhnə adamlarının yaradıcılıq süzgəcində keçir, burada bir sıra ixtisarlara, əlavələrə, düzəliş və dəqiqləşdirmələrə yol verilir, dramaturqun əsəri “başqa” bir formada tamaşaçılara təqdim edilir.Ona görə tamaşaya qoyulan əsəri qiymətləndirərkən tənqidçi onu ədəbiyyat hadisəsindən daha çox teatrın yaradıcılığı kimi oxuculara çatdırır. Arif Səfiyevin bu fikrilə razıyıq ki, «ədəbi tənqid dramaturgiyadan bir ədəbiyyat hadisəsi kimi danışarkən yalnız teatr tamaşasına əsaslana bilməz», «çünki bu pyeslər çap olunmadığından ədəbiyyatın faktına çevrilməmişdir. Tamaşaya qoyulan əsərlər bədii bir tam kimi teatrın imkanları ilə birlikdə dərk olunur, özünəməxsus ideya-estetik komponentlərdən ibarət bütöv bir orqanizm kimi ədəbi təcrübəni zənginləşdirə bilmir».76
Dram əsəri tamaşaya qoyulduqdan sonra, əksər hallarda çap edilib oxuculara çatdırılmır. Yaxud da bu iş bir neçə il gecikdirilir. İ.Əfəndiyevin də yaradıcılığı bu cəhətdən istisna təşkil etmir.1944-cü ildə tamaşaya qoyulmuş «İntizar» pyesindən bir parça «Ədəbiyyat qəzeti»ndə /1944,4 may/ dərc olunduqdan sonra, o, İ.Əfəndiyevin əsəri kimi, bu günə qədər nəşr edilməmiş, yalnız 1978-ci ildə M.Hüseynin «Əsərlər»-in 8-ci cildi vasitəsilə oxuculara çatdırılmışdır. Bundan əlavə, yazıçının «Bağlardan gələn səs» /1975/, «Sevgililərin cəhənnəmdə vüsalı» /1989/, «Tənha iydə ağacı» /1991/ pyesləri bu günə qədər çap olunmadığından ədəbi tənqid bu əsərlərin geniş elmi təhlilini verə bilməmişdir.
Vaxtilə «Azərbaycan» jurnalı İ.Əfəndiyevin teatrda oynanılan əsərlərini, o cümlədən «Bahar suları» /1948, №12/, «Atayevlər ailəsi»/ 1955,№1/, «Sən həmişə mənimləsən» /1965,№7/, «Mənim günahım»/ 1969,№4/, «Unuda bilmirəm» /1970,№3/, «Məhv olmuş gündəliklər» /1970,№7/, «Mahnı dağlarda qaldı» /1971,№9/, «Qəribə oğlan» /1974,№4/ və s. dramlarını öz səhifələrində dərc etdiyi halda, təəssüflər olsun ki, bu ən‘ənə son illərdə unudulmuşdur. Ümid edirik ki, İ.Əfəndiyevin «Hökmdar və qızı» /1998,№6/, «Dəlilər və ağıllılar» /1999, №8/ , B.Vahabzadənin «Özümüzü kəsən qılınc» /1998,№7/ pyeslərini dərc etmiş jurnal gələcəkdə də dram əsərləri üçün öz səhifələrində yer tapacaqdır.
Достарыңызбен бөлісу: |