ŞUŞA AZƏRBAYCANIN ISTIRAHƏT VƏ
TURIZM MƏRKƏZI OLMUŞDUR
Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan, nəinki, Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət güşələrinə görə məşhur idi.
Şuşa dağlarında xüsusi gözəlliyi olan bir gül var. Bu gül dünyanın heç bir yerində bitmir. Təbiətin Şuşa dağlarında yaratdığı bu möcüzə xarı bülbül adlanır. Gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və oradaca donub qalıb. Bu möcüzəni bələnmiş uşağa da bənzədirlər. Bu endemik gül həm gözəl, həm də müalicəvidir və ondan xalq təbabətində istifadə olunur. Qəribədir ki, xarı bülbül Şuşadan başqa Azərbaycanın heç bir yerində rast gəlinmir.
Yay aylarında təbiətin qoynundakı istirahət zonalarında adam əlindən tərpənmək olmurdu. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Yuxarı Daşaltı (Şəmilin bulağı), əfsanəvi "Cıdır düzü" yerli camaatın və oraya təşrif buyuran qonaqların ən sevimli yeri idi.
Turşsu istirahət və müalicə zonası kimi tanınırdı. Şuşadan 40 km. aralıda - Laçın yolunun üstündə yerləşir. Sol tərəfdən isə Daşaltı çayı axır. Yay aylarında respublikanın müxtəlif yerlərindən buraya gəlib, alaçıq qurur, həm də müalicə olunurdular. Turşsu şəfalı və müalicəvi vannaları ilə məşhur idi.
Şuşanın gəzməli, görməli yerləri həddindən artıq çox idi. Onlardan biri də Yuxarı Daşaltıdır. Xalq arasında bu istirahət zonasına Şəmilin bağı da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının üstündə, "Ağzıyastı kaha" yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir.
Doğrudan da, Şuşa təbiətin bizə bəxş etdiyi bir möcüzədir. Tarixi abidələrlə zəngin olan bu şəhər dağlarla, sıldırım qayalarla əhatə olunub. O vaxtkı SSRİ-nin ən ucqar yerlərindən dünya şöhrətli kurort şəhəri kimi məşhur olan Şuşaya təşrif buyuran turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz və əsrarəngiz təbiətə malik əfsanəvi "Cıdır düzü" idi.
"Cıdır düzü"nün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə "Üçmıx" adı verilib.
Sanatoriya və istirahət evlərində dincələn turistlər daim həmin yerlərə gəzintilərə çıxır, təbiətin Şuşaya bəxş etdiyi gözəllik qarşısında öz təəccüblərini gizlədə bilmirdilər. Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri də "Cıdır düzü" idi. Hər il may aylarında "Xarı-büldül" mahnı festivalları "Cıdır düzü"ndə keçirilirdi. Çal-çağır, musiqi sədaları hər tərəfə yayılırdı. Bir tərəfdən saf, mülayim hava, gül-çiçəklərin qoxusu, digər yandan da Şuşa pəhləvanlarının çıxışları, at çapan igidlərin yarışı bura gələnləri valeh edirdi.
Şuşalıların idmana da böyük marağı var idi. "Qala" futbol komandasının şəhərin mərkəzində kiçik bir meydançası var idi. Bundan başqa, "Cıdır düzü"ndə yerləşən idman kompleksində hər il yaz aylarında şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futbol yarışları keçirilirdi. Həmin kompeksdə məktəblilər arasında hərbi-vətənpərvərlik mövzusunda "Üfüqdə parıltı" idman oyunları təşkil olunurdu. Voleybolçu qızlar da həmişə uğurlar əldə edirdi. Onlar 1986-cı ildə 1970-1971-ci il təvəllüdlü qızlar arasında keçirilən Respublika çempionatında Azərbaycan çempionu adına layiq görülmüşdülər.
Sağlamlıq məktəbində yerləşən idman qurğularında isə dzüdoçular, güləşçilər, pəhləvanlar fəaliyyət göstərirdilər.
Biz əzəli Azərbaycan torpağı olan Şuşanı geri qaytarmayınca bu gözəllikləri seyr edə bilməyəcəyik. Bir təskinliyimiz də odur ki, doğma Şuşamızla qovuşacağımız vaxta çox qalmamışdır. Biz neçə illərdir ki, həsrətini çəkdiyimiz o dağlar gözəli ilə yenidən görüşəcək, ona ürəyimiz istədiyi qədər nəğmələr qoşacağıq.
ŞUŞANIN ERMƏNILƏR TƏRƏFINDƏN IŞĞALI
1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə başa çatan əməliyyat keçirdi. Erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının 40 zirehli texnikasının bilavasitə iştirakı və köməyi ilə səhər saat 6-dək şəhəri kütləvi şəkildə artilleriya atəşinə tutdu. Uzun sürən artilleriya atəşindən sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən şəhərə hücuma keçdi və Şuşa işğal edildi.
Şuşanın işğalı ilə faktiki olaraq ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdilər. Işğalı zamanı 200-ə yaxın insan qətlə yetirilib, 600 nəfər yaralanıb, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 20 mindən artıq əhali isə məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal nəticəsində 600 yaxın tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsinin, 22 ümumtəhsil məktəbin, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarının, orta ixtisas musiqi məktəbinin, 8 mədəniyyət evinin, 14 klubun, 20 kitabxananın, 2 kinoteatrın, 3 muzeyin, turist bazasının, şərq musiqi alətləri fabriki və yüzlərlə digər mədəni abidələr dağıdılıb.
ERMƏNISTANIN AZƏRBAYCANA QARŞI
IŞĞALÇILIQ SIYASƏTI VƏ ONUN NƏTICƏLƏRI
Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür.
1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:
-
Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 km2. (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut);
-
Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi – 1875 km2;
-
Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 1936 km2;
-
Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1154 km2;
-
Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 km2;
-
Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1112 km2;
-
Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 826 km2;
-
Zəngilan rayonu: işğal tarixi - 30 oktyabr 1993-cü il, ərazisi - 707 km2.
Beləliklə, Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan 10 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir.
Rəsmi məlumata görə, I Qarabağ müharibəsi zamanı 4471 nəfər itkin düşüb. Onların 3591 nəfəri hərbçi, 880 nəfəri mülki şəxslərdir. Mülki şəxslərin 51 nəfəri uşaq (17 nəfər azyaşlı qız), 384 nəfəri yaşlılardır (175 nəfər qadın).
451 nəfərin erməni əsir və girovluğunda amansızcasına qətlə yetirildiyi müəyyən edilmişdir. Onların 365 nəfəri kişi, 86 nəfəri qadınlardır.
Ermənilər əsir və girovların həqiqi sayını beynəlxalq təşkilatlardan gizlədir, onlarla qeyri-insani, amansız rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar.
İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb ocağı məhv edilmişdir. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Dağıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir.
Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər tarix diyarşunaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və gümüş zinyət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır. Şuşadakı tarix muzeyinin, Ağdamdakı çörək muzeyinin, Zəngilandakı Daş Abidələr muzeyinin də taleyi belə olmuşdur. Oğurlanmış və məhv edilmiş bu tarixi-mədəni sərvətlərin dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək mümkün deyildir. Bir sözlə, Ermənistan Respublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında» Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
12 may 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.
Nəşrdə “Heydər Əliyev Fondu”nun, “Dəyərlər”AİN və “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın materiallarından istifadə olunmuşdur.
ШУША
- ДРЕВНИЙ КРАЙ
АЗЕРБАЙДЖАНА
Достарыңызбен бөлісу: |